Nazirlər Kabineti "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nın təsdiq edib. Bu barədə parlamentin mətbu orqanı məlumat verir.
Sənədə əsasən, təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir: fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü; fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd.
Bundan başqa, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir.
O cümlədən, qeyd edilir ki, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində "əlaçı", digər halda isə "adi" təqaüd verilir.
A.Zeydullayeva