Azərbaycanın Xarici İşlər Nazirliyi Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi “Dünyanın ən çətin viza alınan on ölkəsi” siyahısına Azərbaycan Respublikasının daxil edilməsini düzgün və obyektiv hesab etmir. Bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilir.
Jurnalın Azərbaycan Respublikasında vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olması barəsində iddiası tamamilə əsassızdır. Bu, Azərbaycan Respublikasının müvafiq qanunlarına, qoşulduğu ikitərəfli və çoxtərəfli sazişlərə heç bir halda uyğun deyildir.
“Qanunvericiliyin tələbinə uyğun olaraq, viza sorğularının icrası adi hallarda 10 gün, əlavə araşdırma tələb olunduğu təqdirdə isə 15 gün təşkil edir. Turistlərə verilən elektron viza müraciətlərinə baxılma müddəti 10 təqvim günü, əlavə araşdırma tələb olunmadığı hallarda 5 və ya 7 təqvim günü müddətinə icra olunur. Yəni şənbə və bazar günləri də sənədin icra müddətinə daxildir”,- deyə məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, hal-hazırda vizaların rəsmiləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”nə cəlb olunmuş dövlət qurumları ilə birlikdə XİN tərəfindən hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunmuşdur.
B. Rüstəmbəyov