Beynəlxalq Qış Məktəbinin iştirakçıları Qubada və Xaçmazda olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə Bakı Beynəlxlaq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Gənclər Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovla görüşüblər. O, Qış Məktəbinin iştirakçılarına rayondakı mövcud multikultural vəziyyət barədə məlumat verib. İcra başçısı deyib ki, rayonda 20-dən çox azsaylı xalqın nümayəndələri yaşayır. Onlar əsrlər boyu azərbaycanlılarla dinc və yanaşı yaşayıblar.
Gənclər Qubada soyqırım qurbanlarının xatirəsinə həsr edilmiş abidəni ziyarət etmiş, dağ yəhudilərinin yaşadıqları “ Qırmızı qəsəbə”də yəhudi icmasının rəhbəri Milih Yevdayevlə görüşmüşlər.
Həmin gün iştirakçılar Xaçmaz rayonuna səfər edərək Xalça muzeyi ilə tanış olublar. Xaçmazda “Dünya praktikasında multikulturalizm modelləri” mövzusunda “dəyirmi masa” təşkil edilib. Səfər musiqili əyləncəli proqramla başa çatıb.
Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetidir.
Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var.
Beynəlxalq Qış Məktəbində 55-ə yaxın yerli və xarici tələbə qatılıb.
Tədbirdə Rusiya, İsveç, Türkiyə, İtaliya, Portuqaliya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Almaniya və Yaponiyadan tələbələr iştirak edirlər.
Qış məktəbinə “Azərbaycan multikulturalizmi”, “Multikulturalizmə giriş” kurslarında iştirak etmiş yerli və xarici tələbələr, elm xadimləri qatılıb.
A.Zeydullayeva