Azərbaycan Böyük Britaniya ilə investisiya, turizm, İKT, enerji, ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
Fevralın 11-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.
İclasda Ş.Mustafayev investisiya, turizm, İKT, enerji, ekologiya sahələrində əməkdaşlığın, Azərbaycanın qeyri-neft məhsullarının Böyük Britaniyaya ixracının, ölkədə yaradılan sənaye parklarında və aqroparklarda Britaniya şirkətlərinin iştirakının maraqlı olduğunu qeyd edib.
Bundan başqa, o birgə biznes forum, sərgi və təqdimatların keçirilməsinin əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib.
Nazir əlavə edib ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. “Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 milyard ABŞ dollarından çox investisiya qoyulub”, - deyə məlumatda vurğulanır.
O bildirib ki, Azərbaycan-Britaniya iqtisadi əlaqələr bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində uğurla inkişaf edir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Mod öz növbəsində Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
İclasın sonunda müvafiq Protokol imzalanıb. Sənəddə iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Həmçinin, Böyük Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.
A.Əzizov