“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə veriləcək kompensasiyaların ümumi həcmi 123 mln. 166,426 min manat təşkil edəcək. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov gümə günü mətbuat konfransında bildirib.
“Kompensasiya “Texnikabank”ln 20,34 min qorunan əmanətçisinə veriləcək. Həmin əmanətlər üzrə kompensasiyaların ümumi həcmi 123 mln. 166,426 min manat dəyərində qiymətləndirilir”, - deyə A.Cavadov qeyd edib.
Bununla belə, o vurğulayıb ki, fond tərəfindən kompensasiyaların ilkin məbləği 79 mln. manat dəyərində qiymətlənirdi. Lakin, kompensasiya veriləcək sığorta olunan əmanətlərin məbləği 43 mln. manat artıq olub. Hazırda bu məlumatların dəqiqləşdirilməsi prosesi gedir .
Onun sözlərinə görə, bankın əmanətçiləri fevralın 12-dən etibarən kompensasiyaları əldə edə biləcəklər.
“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilib.
Fond "Texnikabank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir.
Xəbər verildiyi kimi, fevralın 1-də Mərkəzi Bank “Texnikabank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği tələbinə (50 mln. manat - İF-Az) əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi, kapitalın adekvatılıq əmsalının 3%-dən az olmasına görə qəbul edilib.
“Texnikabank” ASC 1994-cü ildə yaradılmışdı və respublikanın aparıcı banklarının onluğuna daxil idi.
A.Axundov