SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və Rusiyanın “Transneft” şirkəti arasında 2016-cı ildə Bakı-Novorossiysk neft boru kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqavilənin imzalanması tarixi hələlik müəyyən edilməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.
“Müqavilənin layihəsi hazırdır və 2015-ci ildə imzalanan ilə eynidir. Lakin, burada bəzi nüanslar var ki, onları dəqiqləşdirib yeni sazişdə qeyd etmək istərdik. Bu səbəbdən danışıqlar davam edir, müqavilənin imzalanacağı tarix hələlik məlum deyil”, - deyə İdarənin nümayəndəsi qeyd edib.
O həmçinin məlumat verib ki, “Transneft” ilə yeni müqavilənin olmaması SOCAR-a Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli həyata keçirməyə imkan vermir.
“Buna görə, fevral ayında SOCAR-ın nefti “şimal” marşrutu ilə nəql olunmayacaq. Ötən ilin dekabr və 2016-cı ilin yanvar aylarında biz həmçinin bu marşrut ilə neft nəql etmədik. Lakin bu, “Transneft”ə məlumat verdiyimiz bəzi texniki səbəblərə görə baş verib”, deyə İdarənin nümayəndəsi bildirib.
O həmçinin qeyd edib ki, hazırda Bakı-Novorossiysk neft kəməri ilə nəql üçün nəzərdə tutulan neft həcmini SOCAR Baki-Tbilisi-Ceyhan neft kəmərinə yönəldir.
Xəbər verildiyi kimi, SOCAR 2016-cı ildə Bakı-Novorossiysk neft kəməri ilə 1,4 mln. ton Azərbaycan nefti nəql etməyi planlaşdırır.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2015-ci ildə ARDNŞ “şimal” marşrutu ilə 1 mln. 186,918 min ton neft nəql edib.
Azərbaycan 1997-ci ildən etibarən Bakı-Novorossiysk boru kəməri ilə neftini nəql edib.
N.Abbasova