2015-ci ilin yekunları üzrə Azərbaycanda orta aylıq nominal əmək haqqı 466,4 manat təşkil edib (cari məzənnə ilə $297 - İF-Az), bu da 2014-cü ilin göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Statistik məlumatlara əsasən, 2016-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 495,8 min nəfər təşkil edib. Onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 618,4 min nəfəri isə özəl sektorunda fəaliyyət göstərib.
Bununla belə, muzdla işləyənlərin 22,6%-i təhsil, 19%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
N.Abbasova