“Texnikabank” ASC-nin qorunan əmanətlərə malik olan əmanətçiləri fevralın 12-dən 15-dək ümumilikdə 1,1 mln. manat məbləğində kompensasiya alıblar. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Xəbər verildiyi kimi, fevralın 12-dən etibarən bankın əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanılıb. “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilib.
“Fevralın 12-dən 15-dək sənədləri qaydasında olan əmanətçilər ümumilikdə 1,1 mln. manatdan artıq məbləğdə kompensasiya alıblar”, - deyə məlumatda qeyd olunur.
“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə veriləcək kompensasiyaların ümumi məbləği 123 mln. 166,426 min manat təşkil edir. 20,34 min əmanətçi kompensasiya alacaq.
Fond "Texnikabank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir.
Xəbər verildiyi kimi, fevralın 1-də Mərkəzi Bank “Texnikabank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği tələbinə (50 mln. manat - İF-Az) əməl etməməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi, kapitalın adekvatılıq əmsalının 3%-dən az olmasına görə qəbul edilib.
“Texnikabank” ASC 1994-cü ildə yaradılmışdı və respublikanın aparıcı banklarının onluğuna daxil idi.
A.Əzizov