Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) fevralın 18-də sığorta agenti və sığorta bazarının peşəkar iştirakçılarının rəhbər işçiləri kimi fəaliyyət göstərmək məqsədi ilə lisenziya almaqda maraqlı olan şəxslərin attestasiyası üçün növbəti imtahan keçirəcək. Bu barədə DSNX-nin saytında dərc edilmiş məlumatda qeyd edilir.
Bundan başqa, imtahan aktuarlıq fəaliyyətini həyata keçirmək üçün sertifikat almaqda maraqlı olan şəxslər üçün keçirilir.
İmtahanlarda iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslər fevralın 17-si saat 12:00-dək öz iştiraklarını təsdiq etməlidirlər.
Test imtahanı “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçirilir. 100 sualdan ən azı 70 suala düzgün cavab verən şəxslər attestasiyadan keçir.
“Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə əsasən, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən agent fəaliyyətini yalnız lisenziyası olan fiziki şəxslər həyata keçirir.
A.Əzizov