Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasda ilk əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkinin Azərbaycanın tarixi şəhərlərindən olduğunu vurğulayıb və şəhərin tarixi əhəmiyyətinin turizm məqsədləri üçün istifadəsinin vacibliyindən bəhs edib. Nazir qeyd edib ki, bu il ərzində silsilə tədbirlər keçiriləcək. O, hər il Şəki şəhərində keçirilən böyük festivalların turistlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.
Nazir çıxışında bildirib ki, Şəki şəhərinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər təşkilata təqdim edilib.
Daha sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, hal-hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur və həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilib. “Təsadüfi deyil ki, hər il Şəkidə 4 beynəlxalq festival təşkil olunur ki, bunların da iştirakçılarının çoxunu xarici turistlər təşkil edir. Ötən il 12 min nəfər turist Şəkiyə səfər edib”, - deyə o qeyd edib.
Qeyd edək ki, Şəki şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.
A.Zeydullayeva