Bakı-Aktau istiqamətində yük axını gündən-günə artır. Bu barədə Qazaxıstanın investisiya
və inkişaf nazirinin müavini Kasımbek Jenis məlumat verib.
“Əgər əvvəllər 1 ildə Bakı-Aktau istiqamətində 1 min avtomobil hərəkət edirdisə, bu gün bu həcm ay ərzində qeydə alınır. Yəni biz gücümuzü ölçərək bu yük axınını qəbul etmək məqsədilə daha uyğun şəkildə işləməliyik. Gördüyümüz kimi, bu həcm artacaq”, - deyə K.Jenis bildirib.
Onun sözlərinə görə, Aktau digər növ yüklərə xidmət edən tarixi limandır.
“Biz əsasən neft və metalla işləyirik. İri həcmdə nefti Bakıya, daha sonra tranzitlə Qara dənizə göndəririk. İndi avtomobil nəqliyyatı ilə nəql olunan yeni yük növləri meydana gəlir. Biz bu istiqamətdə azərbaycanlı həmkarların təcrübəsi ilə bölüşmək məqsədilə gəlmişik. Azərbaycanlı həmkarlarımızın necə çalışdığını izləmək, bizim harada və necə işlədiyimiz barədə məlumat vermək istəyirik. Bu səbəbdən hesab edirik ki, bizim üçün bu şərtlər Transxəzər dəhlizinə əlavə yük axını cəlb etmək üçün yaxşı məqamdır”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, əgər bu istiqamət rəqabətədavamlı, qiymətlər müvafiq, çatdırılma vaxtı və xidmət yaxşı olarsa, bu yük axını gələcəkdə də aktual olacaq.
F.İsazadə