Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın ölkə ərazisindən çıxarılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Sankt-Peterburq aviareysi ilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya Federasiyasının vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb. Ş.Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4 min ABŞ dolları aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
F.İsazadə