NATO ölkələri son iki ildə Dağlıq Qarabağda qoşunların təmas xəttində onsuz da gərgin olan vəziyyətin daha da pisləşməsindən narahatdır. Belə bəyanatla NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Ceyms Appaturay bu gün Bakıda mətbuat konfransında çıxış edib.
“NATO vəziyyəti diqqətlə müşahidə edir, bütün münaqişə tərəflərini təcavüzü azaltmağa və hər iki tərəf üçün faydalı olacaq sülhə nail olunması istiqamətində iş aparmağa çağırır”, - deyə o, mətbuat konfransında qeyd edib.
Xüsusi
nümayəndənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi məsələsi NATO nümayəndələrinin Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərində müzakirə mövzusu olub.
“NATO münaqişənin nizamlanması prosesinə cəlb edilməyib, lakin NATO-nun Avropa məkanında həlli yubadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyi var”,- deyə C.Appaturay qeyd edib.
O xatırladıb ki, NATO-nun Dağlıq Qarabağ məsələsi üzrə rəsmi mövqeyi ATƏT-in Minsk qrupunun səylərinin dəstəklənməsinə və münaqişənin sülh yolu ilə və qarşılıqlı faydalı şəkildə həllinə nail olunmasına yönəlib.
B.Rüstəmbəyov