Fövqəladə Hallar Nazirliyi Bakının 9-cu mikrorayonu ərazisində yaşayış binalarının tikilməsində sahibkarlara köməklik göstərməyə hazırdır. Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla görüş zamanı bildirib.
“9-cu mikrorayon ərazisində köhnə 5, 7 və 9 mərtəbəli yaşayış binaları var. Sahibkarlar köhnə binaların yerində yeni evlər tikərək bu əraziləri abadlaşdıra bilərlər”, - deyə K. Heydərov qeyd edib.
Onun sözlərinə görə, bu evlərin sakinlərini köhnə evlərin yerində tikiləcək yeni binalara köçürmək olar. Sahibkarlar yeni binalardakı əlavə yaşayış sahələrinin satışından gəlir əldə edə bilərlər.
K.Heydərov qeyd edib ki, dövlət öz tərəfindən sahibkarlara zəruri kommunal infrastrukturu təqdim etməyə hazırdır. “Əgər sahibkarları bu təklif maraqlandırsa, onlar FHN-ə müraciət edə bilərlər”, - deyə nazir vurğulayıb.
A.Axundov