Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Rita Əmirbəyovanın yubileyi “Blisslər ailəsi” adlı tamaşa ilə qeyd ediləcək.
“Biz ingilis dramaturq Noel Kouardın pyesinin motivləri əsasında tamaşanın hazırlığına başlamışıq. Tamaşa “Blisslər ailəsi” adlanacaq”, - deyə teatrın baş rejissoru, respublikanın xalq artisti Aleksandr Şarovski “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, əsərin mövzusu aktrisanın teatrı tərk etməsinə və öz evini cəhənnəmə çevirməsinə həsr olunub.
“Əsərdə aktrisanın uşaqları, əri və evə gələn qonaqların obrazları da yer alıb. Baş qəhrəman həyatda tamaşa oynamağa başlayır. Nəticədə bu evdə yaşayan və evə gələn insanlar əziyyət çəkirlər, o isə sonra teatra qayıda bilmək üçün enerji toplayır”, - deyə baş rejissor söyləyib.
Onun sözlərinə görə, tamaşada komik məqamlar da var.
“Bu qadın teatr və yaxın adamları olmadan yaşaya bilməz. Harmoniyaya nail olmaq üçün o, teatr və ailə arasında öz yerini axtarır”, - deyə A.Şarovski qeyd edib.
Xalq artisti deyib ki, bu pyes Qərbdə böyük uğur qazanıb və bir çox teatrlarda nümayiş etdirilib. Bundan əlavə, bu əsər keçmiş SSRİ-nin bir çox teatrlarında da səhnələşdirilib.
“Tamaşada R.Əmirbəyova ilə yanaşı, respublikanın xalq artisti Fuad Poladov, Natavan Hacıyeva, Oleq Əmirbəyov, Mariya Dubovitskaya, Maqsud Məmmədov, Milana Mərdəxanova, Timur Rəhimov, Mədinə Mollayeva rol alıblar”,- deyə o qeyd edib.
Rejissorun sözlərinə görə, hələ ki, tamaşanın iki-üç dəfə məşqi keçirilib, yaradıcılıq axtarışları davam edir.
Tamaşanın quruluşçu rejissoru Mustafa Mustafayev, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı Azərbaycanın əməkdar incəsənət xadimi Vladimir Neverov, xoreoqrafı Raul Turkkandır.
A.Zeydullayeva