NATO hesab edir ki, Türkiyə ilə münaqişə Rusiyanın hərbi təyyarələrinin dəfələrlə bu ölkənin hava məkanını pozması ilə əlaqədar yaranıb.
Bu barədə çərşənbə axşamı NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib.
“Əgər daha ətraflı danışsaq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Rusiyaya məxsus hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozması buna səbəb olub”, - deyə o bildirib.
C.Appaturay qeyd edib ki, NATO-nun baş katibi hər iki tərəfi problemli məsələləri həll etməyə və qarşılıqlı gərginliyi azaltmağa çağırıb. “NATO və Türkiyə bəyanatlarla çıxış edərək bildiriblər ki, Rusiya Türkiyənin hava məkanının pozulmasına son qoymalıdır”, - deyə o vurğulayıb.
“NATO rəhbərliyi, eləcə də alyansa üzv olan bütün ölkələr Avro-Altantik məkanda şəffaflığın əldə olunması və risklərin azalmasında irəliləyişə nail olmaq niyyətindədirlər”, - deyə o əlavə edib.
C.Appaturayın sözlərinə görə, bu gün regionda hərbi fəallığın kifayət qədər yüksək səviyyədə olması göz qabağındadır. Xüsusi nümayəndə buna görə məsuliyyətin böyük hissəsini Rusiyanın üzərinə qoyub.
B.Rüstəmbəyov