2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsi parlamentə təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
“2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsi parlamentə təqdim edilib. Parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında layihəyə baxılması gözlənilir”, - deyə məlumatda bildirilir.
Düzəlişlərə əsasən, 2016-cı il dövlət büdcəsinin gəlirləri 2 mlrd. 256 mln. manat və ya 15,5% - 16 mlrd. 822 mln. manata qədər, xərcləri 13,7% - 18 mlrd. 495 mln. manata qədər artacaq, kəsir 1 mlrd. 673 mln. manat təşkil edəcək.
Gəlirlərin strukturunda Vergilər Nazirliyinin planının 6,2% - 7 mlrd. 10 mln. manata qədər, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların 13,8% - 1 mlrd. 810 mln. manata qədər artırılması nəzərdə tutulur.
Dövlət Neft Fondundan (ARDNF) transfertlər 1 mlrd. 615 mln. manat və ya 26,9% - 7 mlrd. 615 mln. manata qədər artacaq. Cari ildə ARDNF-dən transfertlər dövlət büdcəsinin gəlirlərinin 45,3%-ni təmin edəcək. Dövlət büdcəsinin digər gəlirləri 13 mln. manat artacaq.
Əlavə xərclərin strukturunda sosial tədbirlərin maliyyələşdirilməsinə 1 mlrd. 290 mln. manat yönəldiləcək.
Düzəlişlərə əsasən, 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 65,5%-ni cari, 24,9%-ni əsaslı xərclər, 9,6%-ni dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər təşkil edəcək.
Dövlət büdcəsinə edilən düzəlişlərdə neftin bir barelinin qiyməti 25 dollardan hesablanıb, baxmayaraq ki, dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollar olmaqla təsdiq edilmişdi.
2016-cı il dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri 16 mlrd. 264 mln. manat, kəsiri 1 mlrd. 698 mln. manat səviyyəsində təsdiq edilmişdi.
A.Əzizov