1990-cı illərdə Xəzərin Azərbaycan sektorunda “Araz”, “Alov”, “Şərq” layihəsinin həyata keçirilməsi üçün yaradılmış “Exxon South Caspian” şirkəti Azərbaycandakı ofisini bağlayır. Bu barədə Vergilər Nazirliyi məlumat verir.
Nazirliyin “Vergilər” qəzetinin əlavəsində dərc edilmiş məlumata əsasən, kreditorlardan ərizələr iki ay ərzində qəbul ediləcək.
Xəzərdə “Araz” “Alov” “Şərq” layihəsi 2001-ci ildə yataqlar blokunda bu ərazinin İrana aid olduğunu əsas gətirən həmin ölkənin hərbi gəmiləri tərəfindən törədilmiş silahlı insidentdən sonra faktiki olaraq dondurulub.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Araz”, “Alov” və “Şərq” perspektiv strukturlarının daxil olduğu kəşfiyyat blokunun işlənməsi və pay bölgüsü haqqında saziş 1998-ci il iyunun 21-də imzalanıb. Layihənin iştirakçıları SOCAR (15%), “BP Exploration (Azerbaijan) Limited” (15%), TPAO (15%), “Statoil Azerbaijan Alov a.s” (10%), ENCANA (40%), “Exxon” (5%) şirkətləri olub.
Müqavilənin operatoru BP şirkətidir. “Araz”, “Alov” və “Şərq” strukturları 1961-1962-ci illərdə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub. Konkret sahədə dənizin dərinliyi 450-700 metr arasında dəyişir. Konkret sahə 1400 kvadratmetr təşkil edir. Kəşfiyyat dövrü 3 ildir. Bu müddətdə blokda 3D seysmik araşdırmaların aparılması, layihə dərinliyi 4000 m, 5600 və 6300 m olan 3 qiymətləndirmə quyusunun qazılması nəzərdə tutulmuşdu. Müqavilə 30 il müddətinə bağlanıb.
1999-cu ilin oktyabr ayında “Kaspian Geofizikal” Birgə Müəssisəsi müqavilə sahəsində 3D seysmik kəşfiyyat işləri aparıb, işlər 2000-ci ilin yanvar ayında başa çatdırılıb.
A.Əzizov