Avropa İnsan Haqları Məhkəməsi Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının pozulması ilə bağlı müraciətə prioritet qaydada baxmaqdan imtina edib. Bu barədə Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi,Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov məlumat verib.
“Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək Avropa Konvensiyasına və əlavə protokolun 11 maddəsinə əsasən hüquqlarının pozulduğunu bildiriblər. Avropa Məhkəməsi bu müraciətlərə prioritet qaydada baxmaqdan imtina edib ki, bu da həmin qurumun qeyri-obyektivliyini bir daha göstərir”, - deyə Ç.Əsgərov qeyd edib.
“Bununla əlaqədar olaraq Azərbaycan hökuməti Avropa Məhkəməsi rəhbərliyinə müraciət ünvanlayıb. Lakin hələlik hec bir cavab alınmayıb”,- deyə o əlavə edib.
F.İsazadə