Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il büdcəsinə gəlir və xərclərin daha əvvəl təsdiq olunmuş göstəricilərlə müqayisədə 7,4% artımını nəzərdə tutan düzəlişlər layihəsi Milli Məclisə təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Layihəyə əsasən, 2016-cı il üçün DSMF-in gəlir və xərcləri öncə təsdiq olunmuş 3 mlrd. 78 mln. 570,1 min manatdan 3 mlrd. 307,360 mln. manatadək artırılacaq.
Fondun icbari dövlət sosial sığorta ayırmaları qismində gəlirləri üzrə proqnozun 1 mlrd. 972 mln. 200,1 min manatdan 2 mlrd. 54,99 mln. manatadək, həmçinin özəl sektordan - 1 mlrd. 294,74 mln. manatadək artırılması təklif olunur.
Dövlət büdcəsindən DSMF-ə transfertlər 1,1 mlrd. manatdan 1 mlrd. 246 mln. manatadək artırılacaq.
Düzəlişlərə əsasən, cari ildə xərclər strukturunda əmək pensiyalarının ödənilməsinə təsdiq olunmuş 2 mlrd. 923,588 mln. manata qarşı 3 mlrd. 136,1 mln. manat, müavinətlərin ödənilməsinə təsdiq olunmuş 87,557 mln. manata qarşı 102,85 mln. manat yönəltmək planlaşdırılır.
A.Axundov