ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq Xocalı qətliamının 24-cü ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Bəyanatda bildirilir: “Biz, Montana ştatının sakinləri bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlıbacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 20-yə çatıb.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
B.Rüstəmbəyov