Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qanunsuz valyuta mübadiləsi ilə məşğul olan Bakı şəhər sakinləri saxlanılıb. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakininin təqdim etdiyi 10.000 ABŞ dolları məbləğində pulun Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 saylı binanın 44-cü mənzilindəVasif Məmmədov və Fariz Rüstəmov tərəfindən 15.600 manat pula qanunsuz mübadiləsi aparılarkən sonuncular cinayət başında yaxalanıblar.
Qeyd olunan ünvanda aparılmış axtarış zamanı qanunsuz valyuta mübadiləsində istifadə üçün nəzərdə tutulmuş cəmi 349 104 manat, 537026 ABŞ dolları, 313 695 avro, 26.440 ingilis funt-sterlinqi olmaqla ümumilikdə 19 ölkəyə məxsus və təqribən 1,5 milyon Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.
Həmin şəxslər tərəfindən valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozularaq külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb və qeyd olunan maddə ilə ittiham elan olunmaqla V.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, F.Rüstəmovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət hadisəsinin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
F.İsazadə