Niderlandın “Scherjon Dairy Equipment Holland BV” şirkəti İmişli rayonunda süd məhsulları istehsal edəcək zavod inşa etməyi planlaşdırır. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Çərşənbə günü vergilər naziri Fazil Məmmədov Niderland Krallığının Sahibkarlar Konfederasiyası sədrinin birinci müavini Oberman Douv Pieter və “Scherjon” şirkətinin prezidenti Hielke Scherjon ilə görüş zamanı Hollandiya şirkətlərinin Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə edib.
Görüşdə O.Pieter qeyd edib ki, Avropada istehsal sahələrinin yaradılması üçün münbit şərait olsa da, məhsul ixracı zamanı müəyyən suallar ortaya çıxır.
“Niderland şirkətləri Azərbaycanda istehsal sahəsinə sərmayə yatırmaqda və burada istehsal olunacaq məhsulların qonşu ölkələrə də ixrac edilməsində maraqlıdırlar. Sahibkarlar Konfederasiyasının üzvləri arasında Azərbaycana sərmayə qoymaq istəyən Niderland şirkətləri çoxdur və hazırda bir çox sahələrdə əməkdaşlıq imkanları araşdırılır”, - deyə o məlumat verib.
Öz növbəsində, H.Scherjon Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması, investorların hüquq və mənafelərinin qorunması, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirib.
“Şirkət Azərbaycana investisiya qoymağa maraq göstərir, İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırlanır”, - deyə H.Scherjon qeyd edib.
O vurğulayıb ki, “Scherjon Dairy Equipment Holland BV” şirkətinin təqdim etdiyi avadanlıqlarda “Gouda” və “Edam” növlü Hollad pendirlərinin istehsalını nəzərdə tutan bu layihə gələcəkdə Azərbaycanda digər layihələrin də reallaşdırılmasına zəmin yaradacaq.
F.Məmmədov isə məlumat verib ki, “Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında” saziş layihəsinin imzalanması planlaşdırılır. “Sənəd hər iki tərəfdə bütün daxili razılaşdırma prosedurlarını keçib və imzalanmaq üçün hazırdır”, - deyə nazir əlavə edib.
N.Abbasova