Apellyasiya Məhkəməsi “Ayna” (“Zekalo”) qəzetinin jurnalisti Rauf Mirqədirovun iddasını təmin etməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə jurnalistin vəkili Fuad Ağayev məlumat verib.
“Bu gün R.Mirqədirovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə bizim cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi, bəzi sübutların cinayət işinin materiallarından çıxarılması ilə bağlı vəsatətimizi təmin etməyib”,- deyə F.Ağayev qeyd edib.
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb və Azərbaycana deportasiya olunub.
Jurnalist 2008-ci ildə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşərək onlara Azərbaycan Respublikasının dövlət suverenliyi və təhlükəsizliyinin, ərazi bütövlüyünün və müdafiə qabiliyyətinin zərərinə olaraq respublikada ictimai-siyasi və hərbi sahədə vəziyyətə dair məlumatlar, sxemlər və fotoşəkillər ötürməkdə şübhəli bilinir.
F.İsazadə