“Bank of Azerbaijan”ın qorunan əmanətlərə malik olan əmanətçiləri ümumilikdə 21,157 mln. manat məbləğində kompensasiya alıblar. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) məlumatında bildirilir.
Xəbər verildiyi kimi, yanvarın 29-dan etibarən bankda qorunan əmanətləri olan şəxslərə kompensasiya ödənişinə başlanılıb. Bu prosesdə agent bank rolunda “Muğanbank” və “Rabitəbank” iştirak edir.
“Yanvarın 29-dan sənədləri qaydasında olan əmanətçilər ümumilikdə 21,157 mln. manat məbləğində kompensasiya alıblar”,- deyə məlumatda qeyd edilir.
Bankda qorunan əmanətlərin məbləği 24 mln. 199,448 min manat təşkil edir. 6,599 min əmanətçi kompensasiya alacaq.
Bundan əlavə, fevralın 4-dən “Gəncəbank”ın əmanətçilərinə 621 min manat məbləğində kompensasiya ödənilib.
ADIF bankda 30 min manatadək qorunan əmanətlər üçün kompensasiya ödəyir.
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-də “Bank of Azerbaijan”ın, yanvarın 22-də “Gəncəbank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankların məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi (50 mln. manat - İF-Az), kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsinə görə qəbul edilib.
“Gəncəbank” ASC 1994-cü ildə yaradılmışdı.
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərirdi. Son 3-4 ildə bank maliyyə çətinlikləri ilə üzləşmişdi.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 12% dərəcəsindən yüksək olmayan 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
A.Əzizov