Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstanın coğrafi mövqeyi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır.
“Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır”, - deyə E.Məmmədyarov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci görüşündə bildirib.
XİN başçısı qeyd edib ki, Azərbaycan hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif edib. BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri –TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir.
““Bakı-Tbilisi-Qars” dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaq”, - deyə E.Məmmədyarov vurğulayıb.
O, regionda sülhə və inkişafa mane olan problemlərə də toxunub: “Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac var”, - deyə nazir söyləyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir.
B.Rüstəmbəyov