“Azərişıq” ASC regionlarda 110/35/10 kV gücündə iki yarımstansiyanın layihələndirilməsi və tikintisi üzrə podratçı seçir. Bu barədə ASC-nin tender elanında qeyd olunur.
Tender 2 lot üzrə keçirilir: Dəliməmmədli kəndində yarımstansiyanın layihələndirilməsi, təchizatı və quraşdırılması (Lot-1); maşınqayırma yarımstansiyasının layihələndirilməsi, təchizatı və quraşdırılması (Lot-2).
İşlər “Elektrik paylayıcı şəbəkənin genişləndirilməsi” investisiya proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram üçün Asiya İnkişaf Bankı (AİB) $750 mln. məbləğində tranş ayırmağı planlaşdırır (hər biri $250 mln. olan 3 tranş - İF-Az).
Tenderdə iştirak haqqı 650 manatdır ($400).
Lot-1-də son 3 il ərzində minimum $14,4 mln. həcmində illik tikinti dövriyyəyə malik olan və son 5 il ərzində $7,7 mln.-dan artıq məbləğdə iştirak payı ilə ən azı bir analoji müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Lot 2-də son 3 il ərzində minimum $14,7 mln. həcmində illik tikinti dövriyyəsinə malik olan və son 5 il ərzində $7,9 mln.-dan artıq məbləğdə iştirak payı ilə ən azı bir analoji müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Hər iki lotda son 3 il ərzində minimum $29,1 mln. həcmində illik tikinti dövriyyəsinə malik olan və son 5 il ərzində $15,6 mln.-dan artıq məbləğdə iştirak payı ilə ən azı bir analoji müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Şirkətlərdən tender təklifləri aprelin 5-dək qəbul olunur. Tender proseduru aprelin 5-də keçiriləcək.
Xəbər verildiyi kimi, 2015-ci ilin may ayında Azərbaycan hökuməti və AİB ölkənin elektrik paylayıcı sisteminin yaxşılaşdırılması üzrə $1 mlrd. məbləğində investisiya proqramının həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb.
Memoranduma əsasən, AİB $750 mln. məbləğində çoxtranşlı kredit, Azərbaycan hökuməti isə $250 mln. vəsait ayıracaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB Azərbaycana $2 mlrd. məbləğində kredit və texniki yardım ayırıb.
N.Abbasova