Azərbaycanın turizm potensialı Tehranda keçirilən 9-cu Beynəlxalq Turizm sərgisində təmsil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sərgiyə dünyanın 50-dən çox ölkəsindən gəlmiş 400-dən artıq turizm şirkəti ziyarətçilərə öz xidmətlərini təklif edib.
Azərbaycanda fəaliyyət göstərən 5 turizm şirkətinin nümayəndələri ziyarətçilərə ölkə haqqında məlumat verib, broşürlər və kitabçalar paylayıblar.
Məlumatda qeyd olunur ki, iranlılar Azərbaycan stendinə böyük maraq göstəriblər.
Onlar bu il Bakıda keçiriləcək Novruz bayramı şənlikləri ilə maraqlanıblar. Mart ayının ikinci yarısında Bakıya əvvəlki illərə nisbətən daha çox iranlı turistin gələcəyi gözlənilir.
Sərgi fevralın 20-dək davam edəcək.
A.Zeydullayeva