Aprel ayında Səməd Vurğun adına Rus Dram Teatrında Viktor Korkiya və Aleksandr Lavrinin pyesi əsasında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Kazanova rolunda Azərbaycanın xalq artisti Fəxrəddim Manafov çıxış edəcək. O, ilk dəfə Rus Dram Teatrının səhnəsində rol alır. Tamaşanın quruluşçu rejissoru İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı İlqar Safat, xoreoqrafı Raul Turkkandır.
Tamaşada Azərbaycanın xalq artistləri Yuri Baluyev, əməkdar artist Firdovsi Atakişiyev, teatrın artistləri Murad Məmmədov, Yeganə Hüseynli, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsentyeva, Tamilla Abutalıbova, Olesya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva rol alıblar.
Əsərin süjet xətti atanın öz ağıllı, gözəl, müstəqil və inadkar xarakterə malik qızı üçün adaxlı seçməsi üzərində qurulub. Tale onların qarşısına yoxsullaşmış, lakin nüfuzlu bir nəslin nümayəndəsini çıxarır. Nişan mərasimindən sonra şəhərdə qadın düşgünü və qadınları başdan çıxaran Don Juanın gəlməsi barədə xəbər yayılır. Ata öz qızını qorumaq üçün qoca Kazanovanı sevgi dərsləri verməyə dəvət edir. Lakin heç kim hadisələrin başqa məcraya yönələcəyini təsəvvür belə etmir.
A.Zeydullayeva