SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məxsus Kulevi terminalı neft məhsullarının saxlanması üçün əlavə çənin tikinti layihəsini hazırlayıb. Bu barədə terminalın məlumatında deyilir.
“Daima dəyişən bazarla ayaqlaşa bilmək üçün Kulevi terminalı neft və neft məhsullarının yükləmə-boşaltma həcminin artırılması potensialını öyrənir. “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə birlikdə neft məhsullarının saxlanması üçün əlavə çənin tikinti layihəsi işlənib hazırlanıb”,- deyə məlumatda qeyd edilir.
Gözlənildiyi kimi, bu layihənin həyata keçirilməsi Kulevi terminalının saxlama imkanlarını yaxşılaşdıracaq və neft bazarının cari tələblərinə daha çevik cavab verməyə şərait yaradacaq. Layihənin təfərrüatları barədə məlumat verilmir.
Məlumatda qeyd edilib ki, Gürcüstanın mövcud qanunvericiliyinə uyğun olaraq çənin tikintisi və istismarını həyata keçirmək üçün ekoloji icazə alınmalıdır. Bu məqsədlə terminal çənin tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə hesabat (OBOS) hazırlayıb.OBOS üzrə ictimai dinləmələr martın 29-da keçiriləcək.
Xəbər verildiyi kimi, SOCAR 2007-ci ilin yanvar ayında Kulevidə neft terminalı alıb. Onun tikintisi və modernləşməsinə $350 mln.-dan artıq məbləğdə investisiya yatırılıb. Ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edən terminal vasitəsilə bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirilir.
Terminalın xam neft, mazut və qazoylun saxlanması üçün istifadə edilən neft bazası ümumi tutumu 320 min kubmetr təşkil edən 16 çəndən ibarətdir. Hər çən təhlükəsiz istismarı və texniki baxışı həyata keçirməyə imkan verən lazımi avadanlıqlarla təchiz olunub.
N. Abbasova