Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində öz mövqeyinə sadiqdir. Prezident İlham Əliyev fevralın 23-də İran İslam Respublikasına edəcəyi rəsmi səfəri ərəfəsində İRİB-yə verdiyi müsahibədə belə söyləyib.
“Azərbaycan İranla və digər dövlətlərlə birlikdə beynəlxalq terrorizm probleminin həllinə öz dəstəyini davam etdirməyə hazırdır”, - deyə İ.Əliyev regionda təkfirçi qrupların terrorizmi genişləndirməyə çalışdıqlarını nəzərə alaraq, bu məşum fenomenlə mübarizədə İran ilə Azərbaycan arasında əməkdaşlığı necə dəyərləndirməsinə dair suala cavab olaraq bildirib.
“Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində real təşəbbüslərin və tədbirlərin tərəfdarıdır. Biz istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə önəm veririk”,- deyə o qeyd edib.
Dövlət başçısı deyib ki, terrorizm hazırda sivil beynəlxalq münasibətlər sistemini, regional təhlükəsizliyi və ayrı-ayrı ölkələrin sabitliyini təhdid edən ən ciddi problemlərdən biridir. Beynəlxalq terrorizmin coğrafiyasının genişlənməsi bütün dünya dövlətlərini, o cümlədən bizim regionu və ayrı-ayrılıqda hər bir dövləti ciddi narahat edir və etməlidir. Afrika qitəsində, postsovet məkanında, Yaxın Şərqdə müharibə və lokal silahlı insidentlər nəticəsində milyonlarla insan öz torpaqlarından didərgin salınmış, milli iqtisadi sistemlər faktiki olaraq sıradan çıxmış, humanitar fəlakət günümüzün acı reallığına çevrilmişdir.
“Qeyd edim ki, 1990-cı illərin əvvəlində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkmişdir. Erməni terrorçu təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törətmiş, Dalıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə yeksan edilmiş, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olmuş və təəssüf ki, bu gün də davam etdirilir. Buna görə də biz terrorla üzləşmiş ölkələri və xalqları çox yaxşı anlayırıq”,- deyə prezident İ.Əliyev vurğulayıb.
F.İsazadə