Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat veilib.
Tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi bu baletin tamaşası 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Tamaşada Odetta-Odilliya rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Lyudmila Xitrova dəvət olunub. L.Xitrova dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir kimi ölkələrdə qastrol səfərlərində olub.
Onun tərəf-müqabili Belarusun əməkdar artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Oleq Yeromkin olacaq.
Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
A.Zeydullayeva