“PAŞA Sığorta” şirkəti 2016-cı ilin yanvar ayında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
Hesabat dövründə “PAŞA Sığorta” 35,2 mln. manat və ya bütün sığortaçıların əldə etdiyi sığorta haqlarının 46,1%-i həcmində sığorta haqqı toplayıb.
Hesabat dövrünün yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 5 aparıcı sığorta şirkəti bunlardır: “İpək Yolu Sığorta” (8,6 mln. manat), “PAŞA Həyat Sığorta” (7,1 mln. manat), “Atəşgah” (4,9 mln. manat), “Qala Həyat Sığorta” (3 mln. manat). Bütün sığorta haqlarının 77%-i bu 5 şirkətin payına düşüb.
Hesabat dövründə lisenziyası olan 25 sığorta şirkətindən yalnız 1 sığortaçının sığorta haqları 35 mln. manatı üstələyib, 2 şirkətin sığorta haqları 2 mln. manatı, 10 şirkətin sığorta haqları 1 mln. manatı, iki şirkətin sığorta haqları 500 min manatı, 5 şirkətin sığorta haqları 100 min manat, 5 şirkətin sığorta haqları isə 100 min manatdan az olub.
14 sığorta şirkətinin sığorta yığımları azalıb, 11 şirkətin yığımları isə artıb.
2016-cı ilin yanvar ayında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 3,3 mln. manat və ya sığortaçıların bütün ödənişlərinin 24,6%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 5 aparıcı sığorta şirkəti sırasına “Atəşgah Həyat” (2,5 mln. manat), “PAŞA Həyat Sığorta” (1,8 mln. manat), “PAŞA Sığorta” (1,8 mln. manat), "Atəşgah" (994 min manat), “Azərsığorta” (762 min manat) daxildir. Sığorta bazarındakı ödənişlərin 70%-i bu şirkətlərin payına düşüb.
Hesabat dövründə bazarda fəaliyyət göstərən 25 şirkətdən 3-nün ödənişləri 1 mln. manatı üstələyib, 6 şirkət 500 min manat, 7 şirkət 100 min manat, 9 şirkət 100 min manatdan aşağı ödənişlər edib.
8 sığortaçının ödənişləri artıb, 16 sığorta şirkətinin ödənişləri isə azalıb. “Qala Həyat Sığorta” şirkəti yanvar ayında ödəniş həyata keçirməyib.
2016-cı ilin yanvar ayında sığortaçıların ümumi sığorta haqları 76,3 mln. manat, ödənişləri 13,4 mln. manat təşkil edib.
A.Axundov