Bakı Əlvan Metallar və Ferroərintilər Şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd edilir.
Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.
Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti sənaye parkının ərazisində ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən zavod inşa ediləcək.
Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150 nəfərə yaxın insanın işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.
Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili və parka investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
A. Əzizov