2016-cı ilin yanvar ayında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 662,7 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 4,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, ümumilikdə cari ilin yanvarında Azərbaycanın magistral qaz kəmərləri ilə 2,1 mlrd. kubmetr qaz nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% azdır.
2015-ci ildə “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından 6,65 mlrd. kubmetr Azərbaycan qazı ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz dəyəri $4,1 mlrd. təşkil edən “Mərhələ-1” çərçivəsində hasil edilir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.
N.Abbasova