Azərbaycan “Henley & Partners Visa Restrictions Index” reytinqində 75-ci yeri tutub. Bu barədə “Henley & Partners”in məlumatında deyilir.
“Henley & Partners” şirkətinin viza məhdudiyyətlərinin dünya indeksi (Visa Restrictions Index) 200-dən artıq ölkə və ərazinin viza qaydalarını təhlil edir və vizasız girişi olan ölkələrin sayına görə yerlərini müəyyən edir.
“Azərbaycan vətəndaşları 218 ölkədən 62-nə vizasız səfər edə bilərlər. Bu il göstərici bir qədər yaxşılaşıb - 2015-ci ildə azərbaycanlılar dünyanın 58 ölkəsinə səfər edə bilərdilər. Ölkə ümumi reytinqdə 78-ci mövqedən 75-ə yüksəlib”, - deyə məlumatda qeyd olunur.
Rusiya reytinqdə 48-ci, Türkiyə 51-ci, Qazaxıstan və Gürcüstan 71-ci yerlərdə qərarlaşıb.
Almaniya üç il dalbadal reytinqdə birinci yeri tutub. 2016-cı ildə Almaniya vətəndaşlarının vizasız səfər edə biləcəkləri ökələrin sayı 177 təşkil edib. İkinci yerdə 176 ölkə ilə İsveç qərarlaşıb. Üçüncü yeri beş ölkə - Finlandiya, Fransa, İspaniya, İtaliya və Böyük Britaniya bölüşür (175 ölkə).
Reytinqin son yerlərini Pakistan, İraq və Əfqanıstan tutur.
A.Əzizov