Naxçıvan Muxtar Respublikasında Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən məlumat verilib.
Beynəlxalq avtobus marşrutu Naxçıvan MR Ali Məclisi və Acarıstan Muxtar Respublikası hökuməti arasında 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair Memorandum” əsasında açılıb. Avtobuslar Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə, Batumi şəhərinə hərəkət edəcək. Fevralın 20-də ilk marşrut fəaliyyətə başlayıb”, - deyə nazirlikdən bildirilib.
İlk vaxtlar reyslər həftədə bir dəfə həyata keçiriləcək, gələcəkdə onların sayının artırılması nəzərdə tutulur.
Bir nəfər üçün gediş qiyməti 27 manatdır. 5 yaşadək uşaqlar üçün gediş pulsuzdur, 5-10 yaşlı uşaqlar üçün isə 50% endirim edilir.
Q. Hüseynova