Bakıda “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı keçirilib. Bu barədə “ İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mİlli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Tədbir “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə iştirakçılar akademiyanın foyesində Xocalı soyqırımına həsr edilən rəsm sərgisi ilə tanış olublar.
Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli soyqırımı tədqiqatlarının təşkili məqsədilə AMEA-da yaradılan “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının fəaliyyəti barədə də məlumat verib. Bildirilib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin komissiya tərəfindən dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Kitabın elmi və tarixi əhəmiyyətindən danışan akademik yeni nəşrdə ilk dəfə vizual incəsənətdə soyqırımı mövzusuna aid materialların ümumiləşdirilərək dərc olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə çap olunan kitabda Azərbaycan, Qazaxıstan, Ukrayna, İsrail, Yaponiya, Polşa, Rusiya, Qırğızıstan və digər ölkələrin rəssamlarının rəngkarlıq, heykəltəraşlıq, qrafika və xatirə memarlığı əsərləri təqdim edilir.
Tədbirdə “Xocalı soyqırımı Azərbaycan incəsənətində”, “Xocalı faciəsinin hüquqi aspektləri” və digər mövzularda məruzələr dinlənilib.
A.Zeydullayeva