Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti 2017-ci ilin I yarısında ferroərintilər istehsal edən zavodu işə salmağı planlaşdırır. Bu barədə jurnalistlərə bu gün zavodun icraçı direktoru Şamil Rzayev məlumat verib.
Xəbər verildiyi kimi, zavod Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikiləcək.
Çərşənbə axşamı Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti və Türkiyənin “Demora” şirkəti arasında zavoda avadanlıq tədarükü haqqında müqavilə imzalanıb. Həmçinin Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti və "Baku Steel Company" MMC arasında zavodda istehsal olunacaq məhsulun alqı-satqısına da dair müqavilə imzalanıb.
“Demora” şirkəti zavod üçün $16 mln. dəyərində avadanlıq tədarük edəcək. Müəssisənin tikintisini Azərbaycan şirkətləri həyata keçiriəcək ki, bu da $7-8 mln.-a başa gələcək. Ümumiyyətlə zavodun tikintisi, avadanlığın quraşdırılması və müəssisənin işə salınması 13 ay vaxt aparacaq”,- deyə Ş.Rzayev qeyd edib.
Onun sözlərinə görə, zavodun tikinti işləri 8 ay davam edəcək, bundan sonra “Demora” avadanlıq tədarükünə başlayacaq.
“Müəssisənin gücünə gəlincə, zavodda ildə 25 ton ferrosilisium, 50 min ton ferrosilikomanqo istehsal olunacaq, həmçinin ferroxrom, ferrobor, gələcəkdə isə ferromolibden istehsalı nəzərdə tutulur”, - deyə o qeyd edib.
Ş.Rzayev əlavə edib ki, daxili bazarda yeni zavodun məhsullarının əsas alıcısı “Baku Steel Company” olacaq, əsas ixrac istiqaməti olaraq isə Gürtcüstan və Türkiyə nəzərdə tutulur.
2016-cı il martın 18-də zavodun təməlqoyma mərasimi keçiriləcək. Müəssisədə 150 nəfər çalışacaq.
“Demora” şirkətinin rəhbəri Rafet Vergili qeyd edib ki, layihənin ümumi dəyəri $30 mln.-a çata bilər, layihənin böyük hissəsini Türkiyənin ixrac-idxal bankı maliyyələşdirəcək.
“Vəsaitlər 7 il müddətinə və 2 illik güzəştlə təqdim ediləcək”, - deyə o qeyd edib.
N.Abbasova