Çərşənbə axşamı Milli Məclis 2016-ci il dövlət büdcəsinə düzəlişləri qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
İclasda maliyyə naziri Samir Şərifov bəyan edib ki, son 1,5 il ərzində neftin qiymətinin dörd dəfə ucuzlaşması və manatın devalvasiyasından sonra düzəlişlərə zərurət yaranıb.
Düzəlişlərə əsasən, 2016-cı il dövlət büdcəsinin gəlirləri 2 mlrd. 256 mln. manat və ya 15,5% - 16 mlrd. 822 mln. manatadək, xərcləri 13,7% - 18 mlrd. 495 mln. manatadək artacaq. Kəsir daha əvvəl təsdiq olunmuş 1 mlrd. 698 mln. manatdan 1 mlrd. 673 mln. manatadək azalacaq.
ARDNF-dən büdcəyə transfertlər daha əvvəl təsdiq edilmiş büdcə ilə müqayisədə 1 mlrd. 615 mln. manat və ya 26,9% - 7 mlrd. 615 mln. manata qədər artacaq. Cari ildə fonddan dövlət büdcəsinə transfertlər dövlət büdcəsinin bütün gəlirlərinin 45,3%-ni təşkil edəcək.
Dövlət büdcəsinin parametrlərinə təkrar baxılarkən neftin bir barelinin qiyməti 25 dollardan hesablanıb, baxmayaraq ki, dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollar olmaqla təsdiq edilmişdi.
A.Axundov