Bu gün 12 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Qazax rayonunda 8 ədəd, Ağstafa rayonunda isə 4 ədəd olmaqla, ümumilikdə 12 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.
“Cari ilin əvvəlindən artıq 22 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib”, - deyə mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov qeyd edib.
“Ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, müxtəlif rayonlarda 82 ədəd fərdi yaşayış evi, hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 145 ədəd mənzil istifadəyə verilməklə, ümumilikdə 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub”, - deyə o bildirib.
R.Babayev