Avropa İttifaqı (Aİ) müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq edir. Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard “Avropa İttifaqının Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və qabaqlayıcı tədbirlərin görülməsi adlı Şərq Proqramı"nın reallaşmasına həsr olunan tədbirdə bəyan edib.
“Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əməkdaşlıq Avropa İttifaqının Azərbaycanla sıx münasibətlərinin tərkib hissəsidir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Aİ tikinti və radiasiya təhlükəsiziyinin təminatı məsələlərində FHN ilə yaxşı əməkdaşlıq təcrübəsinə malikdir.
““Azərbaycan Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastrukturunun Gücləndirilməsi və Dəstəkləyici Xidmətlərin İnkişaf Etdirilməsi” və “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə Dəstək”adlı layihələrin reallaşdırılması bizim aramızda yaranan əməkdaşlığın yaxşı səviyyədə olduğunu sübut edir. Əməkdaşlıq çərçivəsində Azərbaycan ərazisində təbii və texnogen fəlakətlərin müxtəlif ssenarilərinə qarşı durmaq məqsədilə təlimlər keçiririk”, - deyə M.Mard bildirib.
Aİ-nin səfiri vurğulayıb ki, bu cür proqramların reallaşdırılması “Şərq Tərəfdaşlığı” ölkələrinə dəstəyin göstərilməsinə yönəlib və fövqəladə hallar və təbii və texnogen fəlakətlərə qarşı mübarizə mexanizmlərinin tətbiqi məsələlərində institusional imkanların artmasına şərait yaradır.
“FHN mülki müdafiə, radiasiyanın qarşısının alınması, tikinti və ərzaq təhlükəsizliyi sahələrində Avropa İttifaqı ilə fəal əməkdaşlıq edir”, - deyə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə vurğulayıb.
Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq tvininq layihələrinin reallaşdırılması, texniki dəstəyin göstərilməsi, informasiya mübadiləsindən ibarətdir.
“Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində FHN indiyədək Aİ ilə birgə tikinti və radiasiya təhlükəsizliyinin təminatı üzrə layihələr həyata keçirib, gələcəkdə tvininq layihələrində iştirak etməyi nəzərdə tutur”, - deyə F.Tağızadə qeyd edib.
Nazir müavini vurğulayıb ki, FHN İran, Türkiyə, Nepal, Tacikistanda zəlzələ və Pakistanda daşqın zamanı xəsarət alanlara humanitar yardım göstərib.
Proqramın təlimləri üzrə komandanın rəhbəri Sergey Anaqnosti reallaşdırılan proqramın təfərrüatları barədə məlumat verib.
Onun sözlərinə görə, proqramın birinci fazası 2010-cu ilin dekabr ayından 2014-cü ilin sentyabr ayına qədər reallaşdırılıb. Onun maliyyələşdirilməsinə 6 mln. avro ayrılıb. Dəyəri 5,5 mln. avro olan ikinci faza 2014-cü ilin dekabr ayından 2018-ci ilin noyabr ayınadək həyata keçiriləcək.
R.Babayev