2015-ci ildə "Azercell Telecom" şirkətinin Azərbaycanın telekommunikasiya sektoruna investisiyaları 68 mln. manata yaxın olub. Bu barədə şirkətin prezidenti Vahid Mürsəliyev bu gün mətbuat konfransında məlumat verib.
Xəbər verildiyi kimi, 2014-cü ildə “Azercell” şirkətinin investisiyaları 53 mln. manata yaxın olub. Beləliklə, 2015-ci ildə şirkət investisiyalarını 28% artırıb.
“Ötən il “Azercell” üçün həm iqtisadi baxımdan, həm də “TeliaSonera” şirkətinin Azərbaycan da daxil olmaqla 7 ölkədə fəaliyyətini dayandırmaq qərarı ilə əlaqədar çətin il oldu. Lakin təsisçilərin dəyişməsi şirkətimizin fəaliyyətinə əhəmiyyətli təsir etmədi. Biz 48% pay və 4,5 mln. abonentlə mobil rabitə bazarında liderliyimizi qoruyub saxladıq”,- deyə V.Mürsəliyev qeyd edib.
Onun sözlərinə, Azərbaycandakı çətin iqtisadi vəziyyət şirkətin gəlirlərinə mənfi təsir göstərib və gəlirlərin həcminin azalmasına səbəb olub.
“Bununla belə, “Azercell” iqtisadiyyatın qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olaraq qalır. 2015-ci ildə şirkətin Azərbaycanın dövlət büdcəsinə vergi köçürmələrinin həcmi 123 mln. manat və ya dövlət büdcəsinə bütün köçürmələrin ümumi həcminin 1,51%-ni təşkil edib”, - deyə o söyləyib.
V.Mürsəliyev deyib ki, ötən il şirkət ümumi məbləği 27 mln. manat təşkil edən müxtəlif endirim kampaniyaları keçirib. 2015-ci ildə “Azercell” 3G şəbəkəsinin əhatə dairəsini Bakı üzrə 77%, Azərbaycan üzrə 25% artırıb.
“Cari il ötən ildən daha çətin olacaq, çünki dünyada və xüsusən MDB ölkələrində iqtisadi böhran davam edir. Manatın ikinci devalvasiyasından sonra biz də öz xərclərimizə yenidən baxmaq məcburiyyətində qaldıq və 2016-cı ilin əvvəlində ştatı 8% azaltdıq. Bununla yanaşı, “Azercell” bu il abonentlərə təqdim edilən mobil rabitənin yaxşılaşdırılması üzrə işləri davam etdirəcək və mobil internet xidmətini genişləndirəcək”, - deyə o qeyd edib.
“Azercell Telekom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib.
N.Abbasova
.