İran Azərbaycanın enerji daşıyıcıları vasitəsi ilə Gürcüstana elektrik enerjisi ixrac etmək niyyətindədir.Bunu İranın elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması sahəsində ixtisaslaşmış “Tavanir” şirkətinin baş direktoru Areş Kardi İRNA agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda qonşu ölkələrlə enerji mübadiləsi aparmaq üçün yeni elektrik stansiyaları tikilməli və elektrik ötürücü xətləri və elektrik yarımstansiyalarının gücü artırılmalıdır.
Onun sözlərinə görə, İran Azərbaycan vasitəsi ilə Gürcüstana elektrik enerjisi ixrac etmək niyyətindədir.
A.Kardi xatırladıb ki, İran Türkiyə, Ermənistan, Azərbaycan, Naxçıvan Muxtar Respublikası ilə enerji mübadiləsi aparır, Türkiyə vasitəsi ilə isə öz enerji şəbəkəsini Avropanın enerji şəbəkəsinə birləşdirə bilər.
“İran qonşu ölkələrə 2 min MVt-a qədər elektrik enerjisi ixrac etmyə qadirdir, Rusiya ilə elektrik enerjisi mübadiləsi proqramına daha çox əhəmiyyət verilir. Rusiya ilə elektrik enerjisi mübadiləsinə ona görə əhəmiyyət verilir ki, bu əməkdaşlıq Rusiya ilə əlaqələri möhkəmləndirməyə və İranın şimal rayonlarında mövcud olan potensialı artırmağa imkan verəcək”, - deyə o qeyd edib.
İran və Rusiyanın enerji şəbəkələri Azərbaycan vasitəsi ilə birləşə bilər.
İran və Rusiyada elektrik enerjisindən pik səviyyədə istifadə dövrü üst-üstə düşmür, buna görə İran qışda, Rusiya isə yayda elektrik enerjisi mübadiləsi həyata keçirə bilər.
N. Abbasova