Rusiyanın Ermənistana silah-sursat satması regionun təhlükəsizliyi üçün ciddi problemlər törədir və Cənubi Qafqazda əlavə gərginliyin yaranmasına şərait yaradır. Azərbaycanın baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov belə hesab edir.
“Aşağı qiymətlə Ermənistana çoxlu sayda silah-sursat satışı sabitliyin təminatında əlavə problemlər yaradır və Cənubi Qafqazda gərginliyə səbəb olur”, - deyə Ə.Əhmədov bu gün jurnalistlərə Moskvanın İrəvana silah satışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman bu cür addımları pisləyib, çünki Ermənistan təcavüzkar ölkədir.
“Bir çox beynəlxalq qurumlar Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğalı faktını tanıyıblar. Belə olduğu halda təcavüzkara silah satışı, bəzi hallarda isə bu silahın ucuz qiymətə satılması, əlbəttə ki, əndişə yaradır”, - deyə baş nazirin müavini bildirib.
O, İrəvana silah satışının ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması ilə əlaqədar həyata keçirildiyini gülünc adlandırıb.
“Biz həmişə bu cür addımları pisləmişik və bu gün də pisləyirik. Bunun ikili standartların təzahürü hesab edirik. Gələcəkdə bu cür hal davam edərsə, Cənubi Qafqazda sabitlik və sülhün təminatı məqsədilə səylərin artırılmasına zərurət yaranacaq”, - deyə Ə.Əhmədov vurğulayıb.
R.Babayev