Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Qərbin İran üzərinə qoyduğu sanksiyaları ləğv etməsini alqışlayır.
“İran üzərindən sanksiyaların götürülməsi Tehranın dünya birliyinə inteqrasiyasına yaxşı imkan yaradıb. Təbii ki, bu, Azərbaycan-İran münasibətlərinə də müsbət təsir göstərəcək”,- deyə Ə.Əhmədov bu gün jurnalistlərin Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinin yekunlarına dair sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, Azərbaycan-İran münasibətlərinin möhkəm təməli var və bu münasibətlər hər zaman qarşılıqlı dostluq və etimada əsaslanıb.
“İran Azərbaycanın böyük əraziyə malik qonşusudur və bizə dost dövlətdir. Bizim ümumi tarixi, etnik və dini köklərimiz, əlaqələrimiz var. Buna görə də Azərbaycan və İran arasındakı münasibətlər həmişə dostluğa və qarşılıqlı etimada əsaslanıb”, - deyə Ə.Əhmədov qeyd edib.
O, siyasi və iqtisadi münasibətlər baxımından prezident İ.Əliyevin İrana səfərinin əhəmiyyətini vurğulayıb.
“Biz ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini, ticari-iqtisadi əlaqələrimizin genişlənməsini istəyirik”, - deyə Ə.Əhmədov qeyd edib.
R.Babayev