SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və “Transneft” səhmdar şirkəti 2016-cı ildə Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə nəqli haqqında müqavilə imzalayıb. Bu barədə Neft İnformasiya Agentliyinə “Transneft”in prezidentinin müşaviri, mətbuat katibi İqor Demin məlumat verib.
“Martın 1-dən neft nəqli yeni müqaviləyə uyğun həyata keçiriləcək”,- deyə o bildirib.
İ.Deminin sözlərinə görə, ilkin mərhələdə il ərzində bütövlükdə 1,3 mln. tona yaxın neft nəqli planlaşdırılmışdı. Lakin müqavilənin mart ayından qüvvəyə minməsi ilə əlaqədar olaraq bu həcm az olacaq. “Hər aya olan neft həcmi vəziyyətdən asılı olaraq dəqiqləşdiriləcək”,- deyə agentliyin müsahibi bildirib.
Müqavilə bundan öncəki illərə analoji olaraq hazırlanıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
SOCAR 2015-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1,2 mln. ton neft yola salıb. “Transneft” şirkəti ilə müqavilə bağlanmadığına görə, 2016-cı ilin yanvar- fevral aylarında ARDNŞ bu marşrut üzrə xammal nəql etməyib.