İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalarının ümumi həcmi 1,2 mlrd. dollar təşkil edib, bu investisiyaların 150 mln. dolları qeyri-neft sektoruna qoyulub. İqtisadiyyat nazirinin müavini Sahil Babayev fevralın 25-də Bakıda İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş zamanı belə söyləyib.
“İran şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiyaları 10%-dən bir qədər çoxdur, lakin məhz bu sektorda böyük imkanlar və investisiya qoyuluşlarının artırılması üçün potensial mövcuddur”,- deyə S.Babayev qeyd edib.
Nazir müavini qeyd edib ki, son iki ildə Azərbaycan və İran arasında qarşılıqlı münasibətlərin yeni mərhələsi başlayıb. “Bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Azərbyacan iqtisadiyyatının müxtəlif sahələrində bu gün İran kapitalı ilə 430 şirkət fəaliyyət göstərir, lakin başqa ölkələrdə onların sayı 1-2 mini üstələyir. Azərbaycan İranla iqtisadi əməkdaşlığı genişləndirməkdə və qarşılıqlı mal dövriyyəsini artırmaqda maraqlıdır”, - deyə S.Babayev qeyd edib.
Onun sözlərinə görə, İran şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün ağır və yüngül sənaye, turizm, kənd təsərrüfatı, tranzit yükdaşıma sahələrində yaxşı imkanlar var.
N.Abbasova