SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin sonuna qədər “Günəşli” yatağındakı 10 saylı dəniz özülündə quyuları yanğından sonra təmir edərək istismara verməyə ümid edir. Bu barədə şirkətdən məlumat verilib.
Bu məsələ “Azneft” İstehsalat Birliyində (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu - İF-Az) 2015-ci ilin texniki-iqtisadi göstəricilərinə dair hesabat müşavirəsi zamanı müzakirə olunub.
Birliyin baş direktoru Daşqın İskəndərov müşavirə zamanı qeyd edib ki, 2016-cı il üçün vacib məsələlərdən biri yarımçıq qalmış tikililərin başa çatdırılmasıdır. O, qəza baş vermiş “Günəşli” yatağındakı 10-cu özülün bərpasına dair tapşırıqlar verib və vurğulayıb ki, cari ilin sonuna kimi 10 saylı özüldəki quyuların təmir olunaraq istismara verilməsi nəzərdə tutulur.
D.İskəndərov istehsalatda bədbəxt hadisələrin, qəzaların baş verməməsi üçün mütəmadi yoxlamaların keçiriləcəyi qeyd edib, yeni özüllərin, meydançaların tikintisinin nəzərdə tutulduğunu bildirib.
Baş direktor 2016-cı ilin “neft sənayesi üçün vacib bir il olacağını” vurğulayıb və hasilat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərin daha da artırılmasının, yüksək peşəkarlığa malik kadrların irəli çəkilməsinin vacibliyini qeyd edib.
Daha əvvəl SOCAR-ın prezidenti R.Abdullayev bəyan etmişdi ki, quyuları təmir etmək üçün 3-4 ay vaxt lazımdır. “Yatağı mayın sonuna kimi tam həcmdə istifadəyə verməyə çalışacağıq. Bu yataqdan 1,3 mln. kubmetr qaz və 1 min ton neft hasil olunurdu. Cari ildə illik hasilatın həcmi 500-600 min ton az olacaq”, - deyə o vurğulamışdı.
Xatırladaq ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib. 12 neftçinin cəsədi tapılıb, 18 nəfərin axtarışları davam etdirilir.
N.Abbasova