“VTB Bank (Azerbaijan)” ödəniş kartlarının 3D Secure (Verified by Visa) xidmətinə icbari qoşulması şərtini tətbiq edir. Bu barədə bankdan məlumat verilib.
“3D Secure texnologiyası kredit və debet kartları ilə onlayn ödəniş zamanı əlavə təhlükəsizlik səviyyəsi kimi istifadə olunur: “Belə ki, bu xidmət vasitəsi ilə müştərilər üçüncü şəxslər tərəfindən öz kartlarının icazəsiz istifadəsindən qorunmuş olacaq”, - deyə məlumatda deyilir.
3D Secure xidməti bank “VTB Bank (Azerbaijan)” tərəfindən hələ 2015-ci ildə tətbiq olunub. Lakin bir çox kart sahibi bu zamana qədər xidmətin üstünlüklərindən yararlanmayıb. Bank müştəri kartları ilə qeyri-qanuni əməliyyatların riskini minimallaşdırmaq məqsədi ilə 1 mart 2016-cı il tarixindən ödəniş kartlarının 3D Secure xidmətinə qoşulmasını icbari şərt kimi tətbiq edəcək.
“Dələduzluqdan qorunmaq və 3D Secure (Verified by Visa) texnologiyasından istifadə etmək üçün müştərilər qeyd olunan https://acs.3dsecure.az/way4acs/enroll linki keçərək öz kartlarını prosesinq şirkətinin www.azericard.com saytında qeydiyyatdan keçirməlidir. Bundan sonra, müştərilər SMS vasitəsi ilə (SMS-xəbərdarlıq xidmətinə qoşulduqda) birdəfəlik parol əldə edəcək. Müştəri SMS-xəbərdarlıq xidmətinə qoşulmadığı halda, 3D Secure birdəfəlik
parol əvvəlcədən “VTB Bank (Azerbaijan)”ın bankomatından alınmalıdır”, - deyə məlumatda vurğulanır.
3D Secure xidməti pulsuzdur. Əlavə suallar yarandığı halda müştərilər “VTB Bank (Azerbaijan)”ın istənilən filialına müraciət edə və ya 986 qısa nömrəli Çağrı mərkəzi vasitəsi ilə əlaqə saxlaya bilər. Kartlarını bu sistemə qoşmayan müştərilər onlayn ödənişlər həyata keçirə bilməyəcək. Məhdudiyyətlər digər kart əməliyyatlarına aid olunmur.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov